Yunanıstanın Demokratika Həsrəti

Əvvəllər Yunanıstan deyəndə ağıla ilk gələn şey sivilizasiyanın, fəlsəfənin mənbəyi olan bir əfsanəvi ölkə idi. Lakin günümüzdə Yunanıstan deyəndə ağla ilk gələn söz Krizis`dir. Necə oldu ki, Demokratika sözünün atası Kleistenis`in yurdu olan Yunanıstan suverenliyini itirməyə və ayaq altında məhv olmağa doğru gedir?

1992ci ildə Maastrixt Sazişi (Treaty of Maastricht) əsasında Avropa Birliyi yaradıldı. Bu birliyin əsas məqsədi üzvü olan ölkələrin birbiri ilə əlaqələrini möhkəmləndirmək idi. Bundan 7 il sonra, 1999cu ildə, vahid valyuta olan AVRO (EURO) yaradıldı, və AvroZona üzvləri (hazırda 19 ölkə) bu vahid valyutadan istifadə etməyə başladı. Təbii ki, hər bir ölkə Avrozona`ya üzv olaraq seçilə bilməzdi, bu xüsusi kriteriyalar əsasında seçilirdi. Əsas kriteriyalar a) Büdcə kəsrlərinin Ümumi Daxili Məhsul`un (ÜDM) 3%`indən az olması, b) Dövlət borclarının ÜDM`yə nisbətinin 60%`dən az olması, c) İnflyasiyanın avrozonaya daxil olan ölkələrdən ən az inflyasiyası olan 3 ölkələsininkindən maksimum 1,5% çox olması, və s.

Yunanıstanın iqtisadi göstəriciləri isə bu kriteriyalara uyğun gəlmirdi, lakin ölkə Avrozonaya girmək istəyirdi. Yunanıstanın avrozonaya üzv olmaq üçün yetərli səviyyəyə çatması üçün Goldman Sachs İnvestisiya Bankı 2.8 milyard avro borc verdi. Beləliklə 2001ci ildə Yunanıstan Avrozona üzvü oldu. Bundan sonra ölkə iqtisadiyyatının güclənməsi gözlənilirdi. Əslində elə gözləntilər öz nəticəsini kifayət qədər verirdi. 2001-2008ci il arası müddətdə Yunanıstanın illik iqtisadi inkişafı ümumi Avrozona`nın ortalama inkişafından daha artıq idi. Bu isə yaxşı bir göstərici idi. Lakin 2007-2008`ci ildə Amerikada başlayan iqtisadi krizis bütün dünyaya, eləcə də Avropaya, eləcə də Yunanıstana öz təsirini göstərdi. 2008`ci ildən bu günə Yunanıstanda inflyasiya sürətli dərəcədə artdı.

Adambaşına ÜDM

Adambaşına ÜDM

İşsizlik dərəcəsi 25%dir

Bu krizisin əsas səbəbləri vergidən yayınma, korrupsiya, avro valyuta, və üst-üstə yığılan borclardır. Əvvəl əgər Yunanıstan özəl şirkətlərə borclu idisə, Avropa Birliyi dövlətləri Yunanıstana maaliyyə yardımı edərək özəl şirkətlərin borcunu ödəməsinə kömək etdi. Lakin artıq Yunanıstan AB dövlətlərinə borclu qaldı, bu isə həmin dövlətlərdən siyasi aslılıq yaratmağa başladı. 2008`ci il krizisindən sonra Yunanıstana yardım məqsədi ilə TROİKA (Avropa Birliyi, Beynəlxalq Valyuta Fondu, Avropa Mərkəzi Bankı) Yunanıstana 2010cu ildə 110 milyard avro borc verdi. Bundan sonra bir daha da borc verdi, və halhazırda Yunanıstanın Troika`ya toplam borcu 350 milyard avroya yaxındır.


Əsas məsələyə gələk. Nəyə görə Yunanıstan krizisdən canını qurtara bilmədi? Nəyə görə bu qədər maliyə yardımı qarşısında Yunanıstan hələ də aciz vəziyyvətdədir və daha da acizləşir?

1) Iqtisadi nəzəriyyələrə əsaslansaq, bir ölkə öz iqtisadiyyatının inkişafını balansda saxlamaq üçün Monetar və Fiskal siyasət yürüdür. Fiskal Siyasət dövlət xərclərini və vergi gəlirlərini tənzimləyir. Monetar siyasət isə pulun kəmiyyətini, faiz dərəcələrini və mübadilə kursunu tənzimləyir. Əgər iqtisadiyyatda inflyasiya varsa, dövlət monetar siyasət ilə valyutasını devalvasiya edərək yerli məhsuldarlığın rəqabətini artırır və müəyyən müddət ərzində ÜDM`nin artırılmasını təmin edir. Lakin, Yunanıstan höküməti belə bir şey edə bilmir. Buna səbəb isə vahid-valyutanın ölkə tərəfindən yox Avropa Mərkəzi Bankı (AMB) tərəfindən idarə olunmasıdır. Təbii ki, AMB də təkcə Yunanıstan üçün avro`nu devalvasiya etməz. Çünki Almaniya, Fransa, Avstriya, və s. kimi işsizlik səviyyəsi 3-4% olan ölkələrdə avro`nun devalvasiyası zərər gətirər. Beləliklə avro valyuta krizisdən çıxmanın qarşısında birbaşa maneədir.

2) Yunanıstanın birbaşa öz səhvi isə 2001`ci ildə Avrozonaya qatılmaq üçün özəl şirkətlərdən külli miqdarda borc almasıdır. Bu borclar vaxt keçdikcə artdı, və artıq çarəsiz vəziyyətdə qalan Yunanıstan Avropa ölkələrinə və AMB`yə üz tutaraq onlardan borc istədi. Bu isə Yunanıstan iqtisadiyyatının və dolayı yolla siyasətinin digər dövlətlərdən asılı olmasına gətirib çıxardı. Bugün Almaniyanın, BVFnın və AMBnin Yunanıstan hökümətini büdcə xərclərini kəskin azaltmağa, vergiləri kəskin artırmağa məcbur etməsinin başında da bu asılılıq durur. Əgər hakimyyət deyiləni etməsə Yunanıstanı avrozonadan çıxarmaqla hədələyirlər.

3) Yunanıstan hakimiyyəti xalqı aldatdı. Öncəki hakimiyyət korrupt rejimi ilə xalqı aldatdı. Yeni hakimiyyət (Syrizia) isə xalqa verdiyi yalan vədlərlə aldatdı. İyul ayında AB`dən 3cü borcun alınmasını referendum yolu ilə xalqın seçməsinə şərait yaradıldı, və 60% səslə yunanlar bu borcu istəmədilər.  Lakin hakimiyyət bu referendumu heçə sayaraq 13 İyul tarixində yeni borc verilməsinə razılıq verdi. Bu isə öz növbəsində daha kəskin iqtisadi tədbirlərə gətirib çıxardı. Bu tədbirlərə, pensiyaların kəskin azalması, vergilərin artırılması, dövlət mülklərinin özəlləşdirilməsi və satışa çıxarılması, və s. daxildir.


Yunanıstan krizisindən bir çox nəticələr çıxarmaq olar. Uzun zamandır etdiyim müşahidələr əsasında Avropa, avro valyuta, iqtisadi mexanizm barəsində fikirlər yarandı.

1) Vahid valyuta (Avro) heç də ölkə iqtisadiyyatı üçün xeyirli deyil. Buna əsas səbəb isə fiskal tənzimləmələri edən vahid bir qurumun olmamasıdır. Yəni hansısa bir iqtisadiyyatda balansı saxlamaq üçün həm monetar həm də fiskal siyasətin vahid bir hakimiyyət tərəfindən idarə olunması əsasdır. Avrozonada isə monetar siyasət AMB tərəfindən idarə olunur, fiskal siyasət isə hər ölkənin öz hakimiyyəti tərəfindən. Biraz metafora ilə desək, hərkəsə eyni dadda, eyni ölçüdə, eyni formada yemək verilir və kim necə istəyir elə də yeyir. Lakin, hər kəsin başqa zövqü, başqa tərzi var. Avro isə bu fərqlilikləri nəzərə almır.

2) Troika`nın borc verdiyi pulların heçbiri Yunan iqtisadiyyatına getmir. Bu pul köhnə borcların ödənilməsinə xərclənir. Nəticədə isə iqtisadiyyat yenə də inkişafdan geri qalır, və yeni borclara ehtiyac yaranır. Hər yeni borc isə daha kəskin iqtisadi tədbirlərə gətirib çıxarır. Və beləliklə, Uroboros kimi dövrə vurur.

3) Yeni borc`la birliktə Troika`nın irəli sürdüyü tədbirlərə 50 milyard avro dəyərində dövlət aktivlərinin (mülklərinin) özəlləşdirilməsi və satılması da daxildir. Yəni artıq dövlətə məxsus olan hava limanları, enerji şirkətləri, dəniz limanları, və s. qurumların hamısı özəl şirkətlərin əlinə keçəcək. Nəticədə, artıq Yunanıstan öncəki yazılarımın birində qeyd etdiyim kimi Res Publika`dan Res Privata`ya keçəcək.

4) Media bizə hərşeyi özlərinin istədiyi kimi göstərir. Lakin, bu məsələnin idarəsi nə Yunanıstan tərəfindən nə də Avropa tərəfindəndir. Bu krizisin yaradıcıları da, idarəçiləri də beynəlxalq korporasiyalardır. Dövlət olaraq isə ABŞ bu məsələnin pərdə arxasında dayanır. Bu hadisə də İŞİDin terror faaliyyəti, Çin əmlak bazarının çökməsi, neftin qiymətinin enməsi, İrana sanskiya qoyulub yenidən qaldırılması kimi digər  hadisələrlə birlikdə `Yeni Dünya Nizamı` (New World Order) əsasında vahid güc tərəfindən idarənin bir parçasıdır. Ona görə də, bütün baş verən hadisələr bu puzzle`ın xırda hissələridir və vahid şəkili görmək lazımdır.


Mənim fikrimcə Yunanıstan yalnızca avro vahid-valyuta rejimindən çıxsa krizisə son gətirə bilər. Düzdür, ilkin vaxtlarda kəskin devalvasiya (80%ə yaxın) nəticəsində ölkə daxilində güclü idxal məhsullarında güclü inflyasiya gözlənə bilər. Lakin, devalvasiya ilə Yunanıstan ixrac məhsullarının rəqabətini beynəlxalq bazarda gücləndirərək iqtisadiyyatını uzun müddətə inkişaf etdirə bilər.

Ola bilər ki, fikirimdə yanılıram. Lakin tək bir şeydən əminəm ki, suverenliyini itirib güclü bir Yunanıstan olmaqdansa, öz suverenliyi olub zəif Yunanıstan olmaq daha yaxşıdır. Onsuz da hələ də bilinmir ki suverenliyini itirəndən sonra belə Yunanıstan iqtisadiyyatı sağalacaq mı?!


Bəzi başqa faktrolar var ki, onları bu yazıda bildirmədim. Çünki, konkret əmin deyiləm topladığım məlumatların tamamlığından və 100% dəqiqliyindən. Lakin, diskussiyalarda onları da qeyd edəcəm.

Son olaraq, sizin də bu mövzu haqqında fikrinizi öyrənmək istəyərdim.

Sizcə Yunanıstan avrozonadan çıxsa yaxşıdır yoxsa qalsa?

Nəyə görə Avropa Yunanıstan üzərində bu qədər təzyiq göstərir?

Gələcəkdə nələr gözləmək olar?

Tagged as: